Bu gün “Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində Şotlandiyanın “Aberdin” klubu ilə üz-üzə gələcək. Ağdam klubu doğma meydanda keçiriləcək ilk görüşdə qələbəyə iddialıdır. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyun ərəfəsində keçirilən mətbuat konfransında futbolçuların qarşılaşmaya tam hazır olduqlarını bildirib: ""Çox vacib oyuna çıxaracağıq. Rəqibin açıqlamalarından görünür ki, inamlıdırlar, qələbəyə ümid edirlər. Bu, onların özlərinə inamından irəli gəlir. Biz də istəkliyik. İlk matç Bakıda keçirilsə də, hər şey cavab oyununda həll olunacaq. Futbolçular "Aberdin"i yaxından tanıyırlar. Onlar son zamanlar daha çox istəklidirlər. Sabah meydanda mübarizə həddindən artıq çox olacaq, nəinki baxımlı oyun. Rəqibə boşluqlar verməməyə çalışacağıq".

Təcrübəli baş məşqçi eyni zamanda heyətlə bağlı fikirlərini də bölüşüb. Komandanın transfer planı barədə danışan 49 yaşlı mütəxəssis bu yöndə nəticə qazanacaqlarına ümid bəsləyir.  “Aberdin” klubunun çalışdırıcısı Stiven Qlass da qarşıdakı oyunla bağlı fikirlərini bildirib.  O, komandaların imkanlarını bərabər səviyyədə qiymətləndirib: “Qarabağ"ı təhlil etmişik. Avropada kifayət qədər məşhurdurlar. Bizi möhtəşəm oyun gözləyir. Hər iki komandanın şansları eynidir. "Qarabağ"a hörmətlə yanaşırıq. Məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır. Rəqibin son oyunlarını izləmişik. Heyətlərində milli komandalarda oynayan futbolçular var. Bu onlar üçün xeyli üstün cəhətdir.”

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Aberdin” qarşılaşması bu gün saat 20-də başalanacaq və İdman TV-də canlı yayımlanacaq. Görüşü Rade Obrenoviçin idarə etdiyi sloveniyalı hakimlər briqadası idarə edəcək.